RUSİYA

Nikolay Patruşev Özbəkistana niyə gedib?

RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib ki, avqustun 19-da keçiriləcək iclasda ŞƏT məkanında təhlükəsizlik və sabitlik sahəsində vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
Sputnik
BAKI, 18 avqust — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev cümə axşamı Özbəkistana gəlib. Səfər zamanı o, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XVII illik toplantısında iştirak edəcək.
RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib ki, avqustun 19-da keçiriləcək iclasda ŞƏT məkanında təhlükəsizlik və sabitlik sahəsində vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
Gündəlikdə həmçinin terrorizm, ekstremizm, narkotik və qanunsuz silah dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olunması dayanır.
ŞƏT ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri sonuncu dəfə ötən ilin iyununda Düşənbədə görüşüblər. O zaman Patruşev çıxışında tarixin təhrif edilməsinə və faşizmi dirçəltmək cəhdlərinə qarşı birgə mübarizə aparmağa çağırmışdı. Həmçinin bəyan etmişdi ki, təşkilata üzv olan ölkələr Əfqanıstandan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha fəal mübarizə aparmalıdırlar. Bundan əlavə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ŞƏT məkanında tibbi və bioloji təhlükəsizliyin təmin edilməsinin ciddi çağırışlar olduğunu bildirmişdi.
2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.