BAKI, 15 avqust — Sputnik. Rusiya xalqı öz ordusu və donanması ilə fəxr edir. Bunu Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Patriot parkında "Ordu-2022" forumunun açılışında çıxış edərkən deyib.
"Xalqımız öz ordusu və donanması, müdafiəçilərinin peşəkarlığı və cəsarəti ilə fəxr edir. O, hər zaman Vətənin suverenliyinin və təhlükəsizliyinin keşiyində durmuş, başqa xalqlara azadlıq bəxş etmişdir", - dövlətimizin başçısı qeyd edib.
Rusiya prezidenti silah istehsalçılarına ölkənin rifahı naminə gördüyü işlərə görə təşəkkür edib: "Mən bir daha rusiyalı silah ustalarına ordu və donanmanı müasir silahlarla təchiz etdiklərinə görə təşəkkür etmək istəyirəm. Onlar bu gün qələbə üçün, bütün ölkənin, bütün Rusiyanın texnoloji və sənaye inkişafı üçün çalışır".
Vladimir Putin Rusiyanın müxtəlif qitələrdə qondarma hegemon qarşısında əyilməyən çoxlu müttəfiqləri və həmfikirləri olduğunu bildirib: "Vurğulamaq istəyirəm ki, Rusiya hərbi-texniki əməkdaşlığın ən geniş şəkildə hərtərəfli inkişafının tərəfdarıdır. Bu gün, davamlı olaraq inkişaf edən çoxqütblü dünya şəraitində bu, xüsusilə vacibdir. Ölkəmizin çoxlu müttəfiqləri, tərəfdaşları, müxtəlif qitələrdə bizimlə həmfikir insanlar var. Bu, hegemon adlanan dövlət qarşısında əyilməyən dövlətlərdir, onların liderləri əsl kişi xarakteri nümayiş etdirirlər və əyilmirlər", - Putin bildirib.
"Ordu-2022" forumu rəsmi olaraq avqustun 15-də açılıb və avqustun 21-dək davam edəcək. Forum çərçivəsində Rusiyanın 30-dan çox regionunda Patriot Parkının obyektlərində, Alabino poliqonunda, Kubinka aerodromunda, eləcə də bütün hərbi dairələrdə və Şimal Donanmasında 289 tədbirin keçirilməsi planlaşdırılır. Forumda 72 ölkədən hərbi nümayəndə heyətləri iştirak edəcəklər.