İDMAN

Azərbaycanlı idmançılar V İslam Həmrəyliyi Oyunlarında uğur dalınca uğur qazanırlar

Avqustun 9-da başlayan V İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək. Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edirlər.
Sputnik
BAKI, 15 avqust — Sputnik. 60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.
O, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. O, finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.
Həmçinin digər idmançılarımızdan Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.
Nəriman Mirzəyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.
***
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Azərbaycanın para-stolüstü tennis komandası bürünc medala yiyələnib.
Qeyd edək ki, digər üçüncü yeri Tacikistan tutub. Gümüş medallara İran yiyələnib. Meydan sahibi Türkiyə isə birinci olub.
***
Azərbaycanın ağır atleti Dadaş Dadaşbəyli V İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
O, birdən qaldırmada 174 kiloqramı qaldırıb.
Azərbaycan üzgüçüsü Rəşad Alquliyev isə sözügedən oyunlarda finala yüksəlib. İdmançı 400 metr qarışıq üsulla üzmədə buna nail olub.
Qeyd edək ki, ötən gün Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medal qazanıb.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi isə medalsız qalıb. Belə ki, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla qarşılaşacaq. Həmin görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Məlumat üçün bildirək ki, Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.