BAKI, 13 avqust-Sputnik. Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Yarışın doqquzuncu günündə - avqustun 13-də Azərbaycan təmsilçiləri 10 idman növündə güclərini sınayacaqlar.
Ağırlıqqaldırma (kişilər) üzrə A qrupunda Paşa İbrahimli (73 kq), B qrupunda Fuqan Əliyev (81 kq) körpücük üzərinə çıxacaqlar.
Güləş (yunan-Roma və qadın güləşi) üzrə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq), Jalə Əliyeva (57 kq) uğur qazanmağa çalışacaq.
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi yarımfinalda Özbəkistan yığmasını sınağa çəkəcək.
Kişi voleybolçulardan ibarət komandamız isə B qrupunda Mərakeş yığması ilə üz-üzə gələcək.
Azərbaycanın basketbol 3x3 (kişilər) üzrə millisi C qrupunda Mali və Türkiyə yığmaları ilə mübarizə aparacaq.
Bu gün bədii gimnastika üzrə fərdi və komanda sıralama, təsnifat və finallar keçiriləcək. Gimnastlarımızdan Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova və Azərbaycanın qrup hərəkətlərindən ibarət komandamız bu yarışlarda iştirak edəcəklər.
Aerobika gimnastikası üzrə isə kişilər və qadınlar arasında keçiriləcək mübarizəyə Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyeva qatılacaqlar.
Bu gün, həmçinin para-oxatma (qadınlar) üzrə yarışlarda komandamızın üzvü Azadə Abdullayeva gücünü sınayacaq.
Velosiped üzrə kişilər və qadınlar arasında təşkil ediləcək yarışlarda isə Viktoriya Sidorenko, Lalə Əbdürəhmanova (100 km), Elçin Əsədov, Musa Mikayılzadə, Elvin Əlizadə, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanov (130 km) mübarizə aparacaqlar.
Üzgüçülük üzrə təsnifat, yarımfinal və finallar da bu gün baş tutacaq. Komandamızın üzvləri Ramil Vəlizadə (100 m, batterflay kişilər), Ayan Kələntərova (50 m, brass, 200 m, individual qarışıq), Vəli İsrafilov (50 m, brass kişilər), Rəşad Alquliyev, Vəli İsrafilov, Əbdürrəhman Rüstəmov, Nihat Yusubov (4x100 m, sərbəst, kişilər), Aysel Səfərova (800 m, sərbəst, qadınlar) yarışlarda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, 8 günün nəticəsinə əsasən, Azərbaycan 9 qızıl, 12 gümüş 14 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran, Özbəkistan və Qazaxıstandan sonra 5-ci yerdədir.
Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.