BAKI, 13 avqust-Sputnik. Müdafiə Naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu, təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Nazir müşavirədə informasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib.
Z.Həsənov nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.
Nazir Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib.
Qeyd edək ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.