BAKI, 11 avqust — Sputnik. Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçən Buzdux dağında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Məlumatda deyilirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Avqustun 4-dən 5-nə keçən dövr ərzində 9 belə hal qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.