CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaranlıqda telefon, planşet istifadə edənlərə xəbərdarlıq

Kompüter, telefon və planşetlərə qaranlıqda baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Gözlərdə batma və quruluq şikayəti son zamanlar çox rast gəlinir. Göz quruluğundan əziyyət çəkən insanların saatlarla televizor, kompüter və telefona baxmağı məsləhət görülmür.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.
O bildirib ki, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq göz dibində ola biləcək xəstəliklərin cavanlaşmasına səbəb olur.
Eyni zamanda yuxu hormonunun ifrazında problem yaradır, uşaqlarda isə boy hormonunun inkişafına mane olur. Ümumiyyətlə uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidir.
Onun sözlərinə görə, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. Yəni optikada təklif edilən şüadan qoruyucu eynəklər sizin fərdi seçiminizdir, lakin onun effekti düşündüyünüz kimi olmaya bilər.
Ekran qarşısında olarkən insanlar gözlərini normadan az qırpırlar. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidir.
"Uşaqlar arasında zəifgörmə səviyyəsi artıb. Uşaqlar görmə səviyyəsi 10-20 faiz olana qədər zəif gördüklərini hiss etmirlər"-deyə ekspert əlavə edib.