BAKI, 10 avqust — Sputnik. Kubanın Matansas əyalətində neft anbarında baş verən yanğın qismən nəzarətə götürülüb. Bu barədə Kuba yanğınsöndürmə xidməti məlumat yayıb.
"Neft çənlərində hələ də yanğın var, lakin bu, o qədər də təhlükəli deyil. Yanğının digər neft anbarlarına yayılmasının qarşısını almaq mümkün olub. Ancaq risk hələ də qalır", - Kubanın "Cubadebate" informasiya portalı yazıb.
Bundan əlavə, dörd neft çəninin tamamilə məhv olması barədə məlumat da təsdiqlənib.
Yanğınlar nəticəsində xəsarət alan 19 nəfər hələ də xəstəxanadadır, 106 nəfər artıq evə buraxılıb, bir nəfər isə həyatını itirib.
Yanğının söndürülməsinə kömək etmək üçün Venesuela və Meksikadan mütəxəssislər gəlib. Çərşənbə günü səhər Kubanın digər əyalətlərindən də əlavə qüvvələrin hadisə yerinə gələcəyi gözlənilir.
Ötən həftə Matansas əyalətində neft anbarına ildırım düşüb, nəticədə yanğın başlayıb, şənbə günü isə bir neçə partlayış baş verib. Kuba hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım istəyib. Bu kompleks Kubanın qərb hissəsi üçün əhəmiyyətli neft ehtiyatları saxlayan mühüm obyektlərdən biridir.