BAKI, 8 avqust - Sputnik. Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. Azərtac xəbər verir ki, çəkicatma yarışlarında çıxış edən Anna Skidan bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.
Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır.
İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar.
Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
İdmançılar 483 dəst medal uğrunda mübarizə aparırlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunur.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.
İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.