BAKI, 8 avqust — Sputnik. Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı məlumat yayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə "Gülər Məmmədova" adı altında "hərbi226" hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.
Xatırladaq ki, Müdafiə Nazirliyinin bir neçə gün əvvəl yaydığı məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.