BAKI, 8 avqust — Sputnik. "Qarabağ işğal altında olduğu zaman Türkiyə düzgün olanın, haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi". Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Qəhrəman Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad etməsinin ardından sürətlə bölgədə, regionda sülh üçün işlərə başlamışıq", - deyə Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir. Nazir Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyəyə yola düşüb. XİN-dən bildirilib ki, Ceyhun Bayramov Türkiyə Respublikasının XIII Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə gedib.
Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.
Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmitin tədbirdə iştirakı gözlənilir.