BAKI, 8 avqust — Sputnik. Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Tayvan adası ətrafındakı dənizdə və hava məkanında növbəti hərbi təlim elan edib. Bu barədə "İnterfax" məlumat yayıb.
Qeyd edilib ki, bu təlimlər çərçivəsində sualtı qayıqlara qarşı mübarizə və dəniz hücum əməliyyatları hazırlanır.
Təlim Çin silahlı qüvvələrinin avqustun 4-dən 7-dək Tayvan adası ətrafındakı altı ərazidə keçirdiyi genişmiqyaslı təlimin bitməsindən bir gün sonra elan edilib.
"Bəzi analitiklər hesab edir ki, Tayvan adası ətrafında keçirilən təlimlər zamanı bütün dəniz və hava blokadası prosesi və böyük adalara nəzarət kampaniyası tam sınaqdan keçirilib", – deyə Çinin "Huantsiu Şibao" nəşrində bildirilib.
Məqalədə qeyd olunur ki, adanın yaxınlığında keçirilən hazırkı təlim zamanı Çin Xalq Azadlıq Ordusunun ballistik raketləri ilk dəfə adanın üzərindən uçub, donanma və hava qüvvələri Tayvan ətrafında sərbəst hərəkət edib.
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.