BAKI, 8 avqust — Sputnik. Bu gün Azərbaycanda Aşura Günü qeyd olunur. Bu günlə əlaqədar olaraq ölkədə könüllü olaraq qanvermə aksiyası keçirilir. Bununla əlaqədar olaraq Mərkəzi Qan Bankının bütün tibb heyəti qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.
Gün ərzində nə qədər qan toplanıb, neçə nəfər qan verib?
Qan bankından verilən məlumata görə, bu gün saat 08:00-dan 18:00-a qədər davam edən aksiyada 1 893 nəfər qan verib. Bakı şəhəri üzrə bu rəqəm 1 295 olub.
Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində isə ümumilikdə 598 nəfər qan verib.
Qanvermə aksiyası harada təşkil olunub?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bütün tibb heyəti bu gün - Aşura günündə Bakı şəhərində yerləşən 6 məsciddə və Qan bankının 8 bölgədəki bölmələrində qanvermə aksiyalarının keçirilməsinə cəlb olunub.
Yüzdən çox tibb işçisi Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu “Şah Abbas” məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu “Qaraçuxur” məscidi, Yasamal rayonu “Təzə Pir” məscidində, eyni zamanda Qan bankının Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt, Quba və Lənkəran bölmələrində təşkil olunan qanvermə aksiyaları üzrə təhkim olunub.
Bir nəfərdən nə qədər qan alınıb?
Qanvermədən əvvəl bütün donorların zəruri müayinələrdən keçirilməsi prosesi baş tutub və alınan qanın standart dozası 350-400 ml təşkil edib.
Toplanan qan infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Günün ilk yarısına olan statistik məlumat:
Saat 12:00-a olan məlumata görə, ümumilikdə 1 436 nəfər könüllü olaraq qan verib. Bakı üzrə rəqəm sayı 1013 nəfər (Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı (162 nəfər), Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı (191 nəfər), Nizami rayonu “Şah Abbas” məscidi (173 nəfər), Səbail rayonu Bibiheybət məscid ziyarətgahı (147 nəfər), Suraxanı rayonu “Qaraçuxur” məscidi (150 nəfər), Yasamal rayonu “Təzə Pir” məscidində (190 nəfər)) olub.
Qan bankının Gəncə (73 nəfər), Şəki (8 nəfər), Mingəçevir (43 nəfər), Bərdə (52 nəfər), Şirvan (63 nəfər), Sumqayıt (47 nəfər), Quba (50 nəfər) və Lənkəran (87 nəfər) bölmələrində isə ümumilikdə 423 nəfər qan verib.
Bəzi illər üzrə rəqəmlərə nəzər yetirək:
2015-ci ildə: Yığılan 5 min litr qan yığılıb
2016-cı ildə: 4141 nəfər könüllü olaraq qan verib, nəticədə 1863,3 litr qan tədarük olunub
2018-ci ildə: Qanvermə aksiyasında 5539 nəfər iştirak edib və 2492,6 litr qan toplanıb
2019-cu ildə: Respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 5 719 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 2573 litr qan tədarük olunub