BAKI, 7 avqust - Sputnik. Avropalıların ən azı 60%-i enerji qiymətlərinin artmasında öz hökumətlərinin, özəl enerji şirkətlərinin və ya Aİ-nin günahkar olduğuna inanır. Bunu “Euroskopia” alyansının Avstriya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Hollandiya, Polşa, Portuqaliya və Fransada keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Belə ki, "El Mundo" qəzetinin bazar günü yaydığı xəbərə görə, respondentlərə enerji qiymətlərinin artmasında kimin daha çox məsuliyyət daşıdığı soruşulub. Avropalıların dörddə biri (25%) bu cavab variantını seçib: "Ölkəmin hökuməti".
Rəyi soruşulanların 24 faizi özəl enerji şirkətlərini günahlandırıb, daha 11%-i isə günahı Avropa İttifaqında (Aİ) gördüyünü ifadə edib.
İnsanlar gəzintidə, arxiv şəkli
© Sputnik / Murad Orujov
Eyni zamanda respondentlərin 28%-i baş verənlərə görə Rusiyanın məsuliyyət daşıdığını iddia ediblər. Sorğuda iştirak edənlərin 10%-i suala cavab verməkdə çətinlik çəkib, 2%-i isə təklif olunan cavab variantlarının heç biri ilə razılaşmayaraq "başqa" variantını seçiblər.
Avropa liderləri arasında İspaniyanın baş naziri Pedro Sançes və Almaniya kansleri Olaf Şoltsun Ukrayna münaqişəsi ilə bağlı hərəkətləri Aİ vətəndaşları arasında ən pis reytinqi alıb.
Bundan əlavə, respondentlərin 45%-i enerji daşıyıcılarının qiymətlərinin artmasının təsirini güclü hiss etdiklərini bəyan ediblər. Rəyi soruşulanların əksəriyyəti (56%) əmtəə qiymətlərinin artmasından çox narahat olduqlarını bildiriblər.
Qeyd olunur ki, iyunun 8-dən 29-dək keçirilən sorğuda ümumilikdə 9 minə yaxın insan iştirak edib.