BAKI, 7 avqust — Sputnik. ABŞ və Hindistan silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxand əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcəklər. Təlimlər bölgəsi Hindistan və Çin sərhədinin keçən mübahisəli ərazinin yaxınlığında yerləşir. Bu barədə Hindistan ordusunun yüksək rütbəli mənbəyə istinadən CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, təlimlər 10 min fut (3 min metr) yüksəklikdə, Faktiki Nəzarət Xəttindən təxminən 95 km aralıda keçiriləcək.
Pentaqon CNN-ə bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı onun azad və açıq Hind-Sakit Okean haqqında ümumi baxışının “ən mühüm elementlərindən biridir”.
Bundan əvvəl Hindistan Çindən Ladaxın şərqindəki iki mübahisəli ərazidən qoşunların çıxarılmasını, həmçinin Depsanq düzənliyində üçüncü və ən böyük mübahisəli zonada birgə patrul xidməti məsələsini həll etməyi istəmişdi.
Hindistan-Çin sərhədində həll edilməmiş ərazi mübahisələri səbəbindən müntəzəm olaraq toqquşmalar baş verir. 2021-ci ilin oktyabr ayında Çin Xalq Azadlıq Ordusunun 100-dən çox əsgəri Hindistanın özününkü hesab etdiyi əraziyə daxil olub. Münaqişə bir neçə saat davam edib. Nəticədə münaqişə danışıqlar yolu ilə həll olunub.