BAKI, 6 avqust — Sputnik. G20 ölkələrinin, təxminən, yarısı ABŞ-ın Rusiyanı "təcrid etmək" təşəbbüsünü dəstəkləmir. Bu barədə Bloomberg məlumat yayıb.
Qərb jurnalistləri qeyd edirlər ki, ABŞ dövlət katibi Entoni Blinken Afrika və Cənub-Şərqi Asiya dövlətlərinə səfəri zamanı bir çox dövlətlərin rəhbərlərini belə bir addımın məqsədəuyğunluğuna inandıra bilməyib.
Müqavimətin səbəbləri kimi Moskva ilə tarixi əlaqələr, onların iqtisadiyyatı üçün qorxu və keçmiş müstəmləkəçi dövlətlərə inamsızlıq göstərilir.
Agentliyin fikrincə, bu amil Vaşinqtonun müvafiq planlarının həyata keçirilməsini, o cümlədən Rusiya neftinin qiymətinin yuxarı həddi müəyyən edilməsini ciddi şəkildə çətinləşdirə bilər.
Amerikalı köşə yazarı Nina Məsihin daha əvvəl yazdığı kimi Rusiya Federasiyasından Hindistana idxalın artması Rusiyanı təcrid etmək cəhdlərinin, tam iflasa məhkum edilməsə, ən azı ciddi problemlə üzləşdiyini göstərir.
Xatırladaq ki, Vaşinqtonda yenidən Rusiya hakimiyyətinin xarici səfərləri kontekstində Moskvanın "təcrid olunması" barədə danışmağa başlayıblar. Bu dəfə dövlət departamentinin rəsmi nümayəndəsi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrika turnesinə start verdikdən sonra Rusiya Federasiyasının "təcrid olunmuş"a çevrildiyini bildirib.
Rusiyanın ABŞ-dakı səfirliyi bununla razılaşmayıb, orada qeyd ediblər ki, Dövlət Departamentinin Rusiyanı təcrid etməklə bağlı "açıq-aşkar bəyanatları" heç bir tənqidə tab gətirmir. Diplomatlar vurğulayıblar ki, Vaşinqton rusofobik impulsla hadisələrin real mənzərəsini təhrif etməyə çalışır və bu, jurnalistlər arasında ancaq çaşqınlığa səbəb olur.