BAKI, 5 avqust - Sputnik. Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.
Qanunvericilyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.