BAKI, 5 avqust — Sputnik. Hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.
Bundan başqa hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti avqustun 5-də ölkəmizə gəliblər.
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika materikində oyun yarışlarından biri keçiriləcək.
"Snayper zona" yarışı Venesuelaya həvalə olunub. Hazırda 37 ölkədən 275 komanda Ordu Oyunlarında iştirakını təsdiqləyib. Oyunlarda ilk dəfə Niger və Ruanda komandaları iştirak edəcək.