BAKI, 5 avqust — Sputnik. Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani ölkə idmançılarına çağırış edib. 28 yaşlı pəhləvan sosial media səhifəsində paylaşım edərək, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücumu pisləyib.
"Azərbaycan səfirliyinə və bayrağımıza edilən şərəfsiz təcavüzü qınayıram! Şübhəsiz ki, bu hücum cəzasız qalmayacaq", - sözlərini yazan Nəzəriani bütün Azərbaycan idmançılarını bayraqla olan şəkillərini paylaşaraq, Vətən düşmənlərinə yerlərini göstərməyə çağırıb.
Məlumat üçün bildirək k, Urmiyada doğulmuş azərbaycanlı çimərlik güləşi və yunan-roma güləşçisi 2014-cü ildən etibarən güləş üzrə Azərbaycan yığma komandasında çıxış edir.
2016-cı ildə Bakıda keçirilən beynəlxalq "Qızıl Qran-Pri" turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb. Beşqat respublika çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş Çimərlik güləşi üzrə Dünya Çempionatında qızıl medala layiq görülüb. 2020-ci ildən etibarən Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisidir.