CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil nəqliyyatı sahəsində qanunvericilik dəyişdiriləcək

"Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları" təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək
Sputnik
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklər olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, bunu nazir Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
"Bununla bağlı təkliflər hazırlanıb və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən "AYNA" informasiya sistemi yaradılacaq", - deyə nazir qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Nazirlər Kabinetinin 8 aprel 2022-ci il tarixli qərarı ilə "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına Buraxılış Qaydaları" təsdiq edilib. Qaydalar növbəti ilin aprel ayından tətbiq ediləcək.
"Qaydalara əsasən sürücülərlə əmək müqaviləsi bağlanılmalıdır. Daşıyıcının məsul şəxsi və sürücüləri peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçərək şəhadətnamə almalıdır. Operator işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara cavab verməlidir". - deyə R.Nəbiyev bildirib.