BAKI, 3 avqust — Sputnik. Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin Ukraynadan qarğıdalı gətirən gəmini yoxlaması başa çatıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək. Gəminin yaxın zamanda İstanbul boğazından yola düşəcəyi gözlənilir.
Daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, ərzaq daşıyan ilk gəmi - Syerra Leone bayrağı altında "Razoni" quru yük gəmisi bazar ertəsi Moskva vaxtı ilə saat 9.20-də Odessa limanını tərk edib və avqustun 2-də İstanbula çatmalıdır.
İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl ixracına dair saziş imzalanıb. Sazişlər Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılmasını nəzərdə tutur.
Müqavilənin imzalanma mərasimi bu yaxınlarda, martın sonunda, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh sazişi üzrə danışıqların aparıldığı İstanbuldakı Dolmabaxça sarayında baş tutub.