İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyinə əlavə səlahiyyətlər verilib

Bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Prezident İlham Əliyev "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası"nın təsdiq edilməsi haqqında" 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir.
Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında" ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.