İQTİSADİYYAT

Valyuta hərraclarında təklif tələbi iki dəfədən çox üstələyib - Taleh Kazımov

Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edir. Bu da valyuta bazarının tarazlığı üçün zəmin yaradır.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarında təklifin kanallarını genişləndirir. Bu da Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında tələbin azalmasına səbəb olur.
Bunu onlayn keçirilən mətbuat konfransında Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
T.Kazımov qeyd edib ki, iyunda hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələyib:
"İyulun 28-nə Dövlət Neft Fondunun qənaəti son 4 ilin maksimum səviyyəsinə çatıb. İyunda nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib. İyunda banklar tərəfindən valyutanın xalis alışının məbləği son 20 ilin maksimumu olmaqla 109 milyon ABŞ dolları təşkil edib".
Azərbaycanın strateji valyuta ehtiyatları açıqlanıb
O əlavə edib ki, bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına çatıb.
"Profisitli tədiyyə balansı fonunda strateji valyuta ehtiyatları artmaqda davam edir. Bu da orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
İQTİSADİYYAT
Uçot dərəcəsi ilə bağlı qərar verildi