İDMAN

Ramin Musayev istefa verib - Peşəkar Futbol Liqasına yeni prezident seçilib

Qurumun sabiq prezidentinin səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyi bildirilir.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.
Qol.az-ın xəbərinə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, Musayev, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, R.Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.
Xatırladaq ki, bir müddət əvvəl Ramin Musayev Polşanın "Lex" klubu ilə bağlı səsləndirdiyi fikirləri ilə gündəmə gəlmişdi. Belə ki, o, iyulun 15-i Azərbaycan Premyer Liqasının püşkatmasında "Qarabağ"ın "Lex" üzərində qələbəsinə belə şərh vermişdi: "Belə düşünürdük ki, "Qarabağ" "Lex" komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov "Lex"in adını dəyişib "lox" etdi".
Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti isə Elxan Səmədov seçilib.
Qeyd edək ki, E.Səmədov 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib.
2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışır.