RUSİYA

FTX Lipetsk vilayətində ukraynalı diversantların terror aktının qarşısını alıb

Təxribat və kəşfiyyat qrupunun "Sağ sektor" təşkilatı tərəfindən yaradıldığı bildirilir.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) cümə günü, iyulun 29-da Lipetsk vilayətində Ukrayna diversiya qrupunun hazırladığı terror aktının qarşısının alındığını elan edib.
FTX-nin məlumatına görə, "Ukrayna Təhlükəsizlik Xidmətinin himayəsi altında yaradılmış "Sağ sektor" təşkilatının təxribat-kəşfiyyat qrupunun üzvü olan bir kişi və iki qadın saxlanılıb.
Xüsusi xidmət orqanları dəqiqləşdiriblər ki, saxlanılanlar "mülki şəxslərin toplaşdığı yerlərdə böyük gücə malik əldəqayırma partlayıcı qurğunun partladılması yolu ilə terror aktının törədilməsi üçün Rusiya ərazisinə daxil olublar".
Qeyd edildiyi kimi, hücum Lipetskdə yerləşən "nəqliyyat infrastrukturu obyektlərindən" birində həyata keçirilməli idi. Bundan əlavə, saxlanılanların axtarışı zamanı evdə hazırlanmış bombanın komponentlərinin, həmçinin, "Sağ sektor"un digər üzvləri ilə yazışmalarının da aşkarlandığı bildirilir.
Xatırladaq ki, daha əvvəl FTX Kalininqradda Qələbə Günü ərəfəsində Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçularına qarşı terror aktı hazırlayan "Sağ sektor"un tərəfdarını saxlamışdı.