İQTİSADİYYAT

Sahibkarlar qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün onlayn müraciət edə bilərlər

Qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb
Sputnik
BAKI, 28 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müasir texnologiyaların və innovativ həllərin tətbiqi nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb.
Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə getmədən, agentliyin rəsmi internet saytına (afsa.gov.az) daxil olaraq onlayn qeydiyyat üçün müraciət edə bilərlər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir.
Xidmətdən istifadə etməklə sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsilə ödəmək imkanı əldə edirlər.
Daxil edilən məlumatlar agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırıldıqdan sonra subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edilir.
Qərar müsbət olarsa, təsərrüfat obyektinin qeydiyyata alınmasını təsdiq edən "Qida sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri"ndən çıxarış sahibkarın "Şəxsi kabinet"inə göndərilir.
Qeyd edək ki, həmin xidmətin elektronlaşdırılması sahibkarlıq subyektlərinin işinin xeyli asanlaşmasına, əlavə vaxt itkisinin aradan qalxmasına səbəb olur və onların müraciət hüquqlarını onlayn qaydada reallaşdırmağa şərait yaradır.