İDMAN

"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi bəlli olub

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Ağdamın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Slovakiya çempionu "Slovan"ı (Bratislava) mübarizədən kənarlaşdıran Macarıstanın "Ferentsvaroş" klubu Ağdam təmsilçisinə rəqib olub.
İlk oyunda doğma meydanda "Slovan"a 1:2 hesabı ilə məğlub olan "Ferentsvaroş" səfər matçında rəqibinə 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
Ağdam təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə "Sürix" komandasının qonağı olub.
"Letsiqrund" stadionunda oynanılan görüş 2:1 hesabı ilə İsveçrə çempionunun xeyrinə başa çatıb.
Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Qarabağ"ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib - 2:2.
Beləliklə, iki oyunun nəticəsinə görə, "Qarabağ" növbəti mərhələyə yüksəlib.
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.