BAKI, 27 iyul — Sputnik. Moskva və Tehran yaxın vaxtlarda İran ehtiyat hissələrinin və avadanlıqlarının tədarükü, eləcə də Rusiya təyyarələrinə texniki xidmət haqqında memorandum imzalayacaq. Bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Mirəkbər Rezəvi bildirib.
"İranda istehsal olunan hissələrin və avadanlıqların Rusiyaya ixracı imkanlarının təmin edilməsi, habelə Rusiya təyyarələrinin ölkəmizin servis mərkəzləri tərəfindən təmiri və texniki xidmətinin təmin edilməsi məqsədilə Rusiya ilə memorandumun imzalanması barədə qərar qəbul edilib", - deyə İRNA rəsmi nümayəndədən sitat gətirib.
İranın aviasiya sənayesi uzun illərdir ki, ABŞ-ın sanksiyaları altındadır və bu, qlobal aviaşirkətlərin İran təyyarələrinə xidmətdən imtina etməsinə səbəb olub. İran hakimiyyəti üçüncü ölkələrdən hissələrin idxalı və istismardan çıxmış təyyarələrdən çıxarılan hissələrin istifadəsi də daxil olmaqla, bir sıra tədbirlər vasitəsilə məhdudiyyətlərdən yayınmağa çalışır.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.