TƏHSİL

İmtahan suallarını başqa şəxslərə verənləri nə gözləyir?

Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə MİQ imtahanlarında sualların əvvəlcədən yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini bildirib.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə imtahan suallarının satılması barədə açıqlama verib. Nazir bildirib ki, bu kimi hallar başqa ölkələrdə də baş verir: "Təhsil Nazirliyi də zərərçəkənlər sırasındadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllimlər üçün suallar hazırlayan müəllif də buna əməl etməlidir".
Nazir qeyd edib ki, sualların üçüncü şəxsə ötürülməsi qadağan olunur. Onun sözlərinə görə, MİQ imtahanlarında sualların əvvəlcədən yayılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək: "Biz Təhsil İnstitutu olaraq, zərərçəkmiş tərəf kimi müraciət edəcəyik. Ümumilikdə, MİQ imtahanlarında yüksək bal toplamış şəxslər həqiqətən öz sahəsini yaxşı bilənlərdir. Onlardan razıyıq".
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində müəlliflərdən biri olan Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq, ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına əlavə edib.
TƏHSİL
MİQ imtahanlarında sual biznesi - özləri yazıb, özləri də ötürürlər