CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərinin qarşısı alınacaq - Əli Nağıyev

Xidmət rəisi bildirib ki, bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti davam etdirilir.
Sputnik
BAKI, 27 iyul - Sputnik. Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər. Belə bir açıqlama ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxış edib.
General-polkovnik Əli Nağıyev çıxışında bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışması dərin təəssüf hissi yaradır.
"Respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq", - deyə qurum rəhbəri bildirib.
Qeyd edək ki, iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.