BAKI, 26 iyul - Sputnik. İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Məlumatda deyilir:
"İyulun 26-sı Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun minaya düşməsi barədə məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Vüqar İsbəndiyarovun rayonun Cəmilli kəndi ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir".