BAKI, 24 iyul - Sputnik. ABŞ-da ilk dəfə uşaqlar arasında meymunçiçəyi aşkar edilib. Azyaşlılardan biri Kaliforniyada yaşayır. Digər körpə isə Vaşinqtonda məskunlaşmış əcnəbi ailənin övladıdır.
Hər 2 uşaq xəstəxanaya yerləşdirilib və müalicələri davam edir. Onların vəziyyəti qənaətbəxşdir.
Son statistikaya görə, İtaliyada 407 nəfər meymunçiçəyinə yoluxub. Bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilir ki, epidemioloji vəziyyət nəzarət altındadır, narahatlıq doğuracaq hal yoxdur.
Bu arada Ağ Evin pandemiya məsələləri üzrə koordinatoru Rac Pəncabi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin yayılmasını ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan etmək qərarı dünya ictimaiyyəti üçün hərəkətə çağırışdır.
O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkədə xəstəliyə qarşı mübarizə strategiyasını təsdiqləyib. Bu, vaksinlərin alınması və istehsalının həcminin artırılmasını, həmçinin onların ölkə daxilində yayılmasını nəzərdə tutur.
"Meymun çiçəyinin yayılmasını dayandırmaq, xəstəliyə yoluxma riski yüksək olan icmaları qorumaq və hazırkı epidemiyaya nəzarət etmək üçün əlaqələndirilmiş beynəlxalq reaksiya lazımdır", - Ağ Ev rəsmisinin yaydığı bəyanatda deyilir.
Daha əvvəl ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus meymunçiçəyi xəstəliyinin yayılmasını qlobal sağlamlıq vəziyyəti elan edib.