BAKI, 24 iyul - Sputnik. Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam edir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Twitter səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün də koordinasiya davam edir.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.