BAKI, 24 iyul - Sputnik. İranla “nüvə sazişi”nə qayıtmaq hələ də mümkündür – bir şərtlə ki, danışıqlar mümkün qədər tez bərpa olunsun.
Bunu Fransa Prezidenti Emmanuel Makron İranın dövlət başçısı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
"2015-ci il nüvə sazişinə gəlincə, Fransa Prezidenti əmin olduğunu bildirib ki, onun tam icrasına qayıtmağa yönəlmiş qərar hələ də mümkündür, lakin bu, mümkün qədər tez edilməlidir. O, Vyanada danışıqların dayandırılmasından bir neçə ay sonra irəliləyişin olmamasından məyusluğunu ifadə edib və israrla Prezident Rəisini saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməyə çağırıb”, - Yelisey Sarayının mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, Makron Rəisidən İranda “özbaşına” saxlanılan dörd Fransa vətəndaşının dərhal azadlığa buraxılmasını tələb edib.