BAKI, 23 iyul — Sputnik. 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisi 45%-ə çatdırılacaq.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, İcbari Tibbi Sığort üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45%-ə qaldılmasını təmin etməlidir.
Bu cür skrininqlərin aparılması ilə qeyri-infeksion xəstəliklərin qarşısının alınması əmsalı yüksəldiləcək.
Azərbaycanda onkoloji xəstələrin sayı
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 58 024 onkoloji xəstə qeydiyyatdadır. ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir.
Onkoloji xəstələrin müalicəsinə nə qədər pul xərclənir?
Qeyd edək ki, ötən il Azərbaycan Respublikasında onkoloji xəstəliklər üzrə tədbirlərinin maliyyə təminatı tədbirləri çərçivəsində 48,3 milyon manat vəsait xərclənib. 2021-ci il ərzində qeydiyyatda olan onkoloji xəstələrə göstərilən şüaterapiya xidmətlərinin sayı 7807, Nüvə təbabəti şöbəsi, Radionuklid terapiya şöbəsində 2021-ci il ərzində göstərilən xidmətlərin sayı 3220 (PET-KT müayinəsi, onkoloji və kardioloji xəstəliklərin erkən diaqnostikasında bütün bədən hüceyrələrini 20 dəqiqəlik qısa bir zaman ərzində molekulyar səviyyədə yoxlayaraq müvafiq xəstəliklərə diaqnoz qoyulması və s.) olub.
2021-ci ildə Milli Onkologiya Mərkəzinə 163519 pasiyent müraciət edib. Bu məlumat "2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər"də yer alıb.