RUSİYA

“Ərzaq müqaviləsi” sayəsində Rusiyanın ixracatında əməliyyat xərcləri azalacaq - BMT

Qurum ABŞ və Rusiya ilə qida və gübrə baxımından hansı problem və maneələrlə üzləşdiyini anlamaq üçün qarşılıqlı əlaqələri davam etdirəcək.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracında RF-in yardımı haqqında sənədlər imzalandıqdan sonra Rusiya Federasiyasının ərzaq və gübrə ixracı üzrə tranzaksiya xərcləri azalacaq. Belə bir açıqlama ilə Rusiya KİV-lərinə müsahibəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan çıxış edib.
Xatırladaq ki, ötən cümə günü İstanbulda ixrac üçün Rusiya məhsullarının tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalaıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Rusiya ərzaq məhsullarının dünya bazarlarına axınının artmasının mümkünlüyü barədə suala Rebeka Qrinspan əməliyyat xərclərinin azalacağını proqnozlaşdırdığını deyib:
“Çünki çatdırılma problemləri, sığorta problemləri, ödəniş problemləri, yükdaşıma problemləri və bütün bunlar dünyada qiymətlərin qalxmasına səbəb olur. Deməli, mənim gözlədiyim əsas odur ki, bu maneələr yumşalacaq və əməliyyatların qiyməti aşağı düşəcək”.
UNCTAD-ın hesablamalarına görə, taxıl qiymətlərindəki artımın yarısı nəqliyyat və logistika qiymətləri ilə bağlıdır.
"Beləliklə, açıq şəkildə ticarəti təşviq etsək, ticarət axını yaxşılaşacaq və qiymətlər aşağı düşəcək", - deyə o qeyd edib.
Qrinspan onu da deyib ki, İstanbulda “ərzaq müqaviləsi” bağlandıqdan sonra BMT məhz bu səyləri davam etdirmək üçün çalışacaq bir işçi qrupu yaradacaq.
“Biz Avropadakı tərəfdaşlarımız, ABŞ, rusiyalı tərəfdaşlarımızla onların qida və gübrə baxımından hansı problem və maneələrlə üzləşdiyini anlamaq üçün onlarla qarşılıqlı əlaqədə olmağa və ünsiyyət qurmağa davam edəcəyik”, - deyə o fikrini tamamlayıb.
DÜNYA XƏBƏRLƏRİ
İstanbulda Ukraynadan taxıl daşıyan gəmiləri yoxlayacaq koordinasiya mərkəzi yaradılır