CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb - Baş Prokurorluq

Baş Prokurorluğun iclasında bildirilib ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 9,4%, intihara cəhd hadisələrinin sayı isə 27,3% azalıb
Sputnik
BAKI, 22 iyul — Sputnik. İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.
Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin sayı 9,4%, intihara cəhd hadisələrinin sayı isə 27,3% azalıb.
Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib ki, bu il 13 prokurorluq işçisi cəzalandırılıb.
Qeyd edilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric olunub, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Hesabatda vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.