BAKI, 21 iyul — Sputnik. Azərbaycanın 3 futbol klubu bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
"Neftçi", "Zirə" və "Qəbələ" turnirdə ilk oyunlarına çıxacaqlar.
Günün ilk matçı Bakıda təşkil olunacaq. Ötən mövsümün bürünc mükafatçısı "Zirə" İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü irlandiyalı FIFA referisi Rob Hennessi idarə edəcək.
Digər təmsilçimiz "Qəbələ" Macarıstanda "Fehervar"ın qonağı olacaq. "Mol Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyunun baş hakimi isveçli Kaspar Syöberq olacaq.
Ötən mövsümün gümüş medalçısı "Neftçi" isə Konfrans Liqasına Kiprdə start verəcək. Bakı təmsilçisi Limassol təmsilçisi "Aris"lə qarşılaşacaq. "AEK Arena"dakı görüşdə ədaləti xorvatiyalı İvan Bebek qoruyacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.