İDMAN

Azərbaycan qılıncoynadanı dünya vitse-çempionu oldu

Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri bu il Beynəlxalq Federasiyanın konqresində Dünya Kuboku ilə mükafatlandırılacaq.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Azərbaycan sablyaçısı Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında gümüş medal qazanıb.
Dünya reytinqinin lideri Başta dünya çempionatındakı çıxışına pley-off mərhələsindən başlayıb və burada Valentina Haydis (Dominikan Respublikası, 15:10), Madison Zurqud (Kanada, 15:8), Martina Kriskiyo (İtaliya, 15:6), Teodora Qunturani (Yunanıstan, 15:11) və Despina Georgiadu (Yunanıstan, 15:9) üzərində qələbə qazanıb.
Azərbaycan qılıncoynadanı finalda Yaponiya təmsilçisi Emura Misaki ilə qarşılaşıb və 10:15 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi olub.
Qeyd etmək lazımdır ki, cari mövsüm 2 Dünya Kubokunun, Qran-prinin mərhələ yarışının qalibi olan Anna Başta həmçinin dünya reytinqində birinci yeri tutaraq Avropa çempionu olub.
Bu il Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) konqresində Baştaya Dünya Kuboku təqdim olunacaq. Daha öncə bu mükafata azərbaycanlı qılıncoynadan Yelena Jemayeva layiq görülüb. Jemayeva ikiqat Olimpiya çempionu, Rusiya Qılıncoynatma Federasiyasının prezidenti və əslən azərbaycanlı olan İlqar Məmmədovun həyat yoldaşıdır.