BAKI, 19 iyul - Sputnik. Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.
Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.
Ağdamlıların rəqibi İsveçrənin “Sürix” klubu olub. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
17-ci dəqiqədə Kadi Borges hesabı açıb. 36-cı dəqiqədə İbrahima Vadji hesabı 2:0-a çatdırıb.
65-ci dəqiqədə Lindrit Kamberi hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Qonaqların sevinci çox çəkməyib. Bir dəqiqə sonra İbrahima Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
85-ci dəqiqədə Mirlind Kryeziu penaltini dəqiqə yerinə yetirməklə hesab arasındakı fərqi minimuma endirib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.