BAKI, 19 iyul — Sputnik. Çərşənbə axşamı ABŞ-ın maliyyə naziri Janet Yellen inflyasiyanı azaltmaq və Çin kimi ölkələrə əsas materialların tədarükünə təsir vasitələrindən istifadəyə imkan verməmək üçün müttəfiqləri ilə davamlı təchizat zəncirlərini yaratmağa çağırıb. Bu barədə "Renhap" agentliyi məlumat verib.
"Biz Çin kimi ölkələrə iqtisadiyyatımızı sarsıtmaq və ya arzuolunmaz geosiyasi rıçaqlardan istifadə etmək üçün əsas xammal, texnologiya və ya məhsullar bazarındakı mövqelərindən istifadə etmələrinə icazə verə bilmərik", - deyə o, "etibarsız ölkələrdən" əsas tədarüklərin "həddindən artıq konsentrasiyası" ilə bağlı riskləri azaltmağın zəruriliyini vurğulayıb.
Cənubi Koreyada səfərdə olan Yellen, Seul akkumulyator zavodunu ziyarət etdikdən sonra bildirib ki, hazırda "müttəfiqlərlə və tərəfdaşlarla əməkdaşlıq (...) iqtisadi inteqrasiya ilə gələn dinamizmin və məhsuldarlığın artmasının eyni vaxtda saxlanılması zamanı iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinin vacib elementidir".
Amerika maliyyə nazirliyinin rəhbəri Rusiya neftinin ixrac qiymətinin məhdudlaşdırılmasını enerji daşıyıcılarının bahalaşması probleminin həlli üçün "ən güclü vasitə" adlandırıb, həmçinin müttəfiqlərini və tərəfdaş ölkələrini bu addıma qoşulmağa çağırıb.
O, "Rusiyanı iqtisadi inteqrasiyanı silaha çevirdiyinə görə pisləyib və beynəlxalq qaydadan sui-istifadə edən və ya pozan ölkələrə "sərt nəticələr" vəd edib", - deyə agentliyin məlumatında bildirilir.