BAKI, 18 iyul - Sputnik. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Avropa Komissiyasının xanım Prezidentini və Avropa İttifaqının nümayəndə heyətini Azərbaycanda salamyan dövlət başçısı bu gün bizim geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirələrin olduğunu dilə gətirib
"Biz bu gün gündəliyimizdə dayanan bütün məsələləri əhatə etdik. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi oldu. Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var", - deyə dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAEV
Prezidentin sözlərinə görə, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir:
"Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir".
Daha sonra dövlət başçısı bu il Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqununb başladığını deyib:
"Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir".
Dövlət başçısı bu gün imzalanan Memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğunu deyib:
"Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq".
Sonda dövlət başçısı Ursula Fon der Lyayenə bir daha təşəkkür edib və Bakıda xoş səfər arzulayıb.