BAKI, 18 iyul — Sputnik. Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.