BAKI, 18 iyul — Sputnik. "Ermənistan və Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclası avqustda Moskvada keçiriləcək". Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.
"Hələlik görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur", - Baş nazirin müavini vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşünün gələn ay keçiriləcəyini bildirmişdi.
"Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik", – deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub.