BAKI, 17 iyul - Sputnik. Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, yarışın sonuncu günü +100 kq çəkidə yarışan idmançımız Uşanqi Kokauri təsəlliverici görüşdə braziliyalı idmançı Rafael Silvaya qalib gəlib.
Bunun ardınca üçüncü yer uğrunda mübarizədə gürcüstanlı cüdoçu Qela Zalişvili ilə qarşılaşmalı olan Uşanqi rəqibinin xəbərdarlıq alaraq yarışdan kənarlaşdırılması səbəbindən birbaşa bürünc medalla mükafatlandırılıb.
Xatırladaq ki, bundan əvvəl -66 kq çəkidə yarışan cüdoçumuz Yaşar Nəcəfov qızıl medal, -81 kq çəkidə yarışan cüdoçumuz Səid Mollayi isə gümüş medal qazanıb.
Turnirin ümumi nəticəsinə görə, cüdo üzrə Azərbaycan milli yığma komandası kişilər arasında üçüncü yerdə qərarlaşıb.