BAKI, 15 iyul — Sputnik. Tibbin inkişaf etdiyi bir dövrdə travmalar zamanı sınıqçıya gedilməsini düzgün hesab etmirəm.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov deyib.
Mütəxəssis bildirir ki, sınıqçıya müraciət etdikdən sonra vəziyyəti ağırlaşanlar az deyil: "Sınıqçıların bir sözü var, hər zaman deyirlər ki, sümük çıxmışdı, yerinə saldım. Topuq 3 yerdən sındıqdan sonra çıxa bilər. Bu səbəbdən vəziyyəti fəsadlaşaraq gələn xəstələrim az deyil. Sınıqçılar arasında möhkəm dartmalar, sərt masajlar nəticəsində xəstənin aldığı travmanı şiddətləndirənlər çoxdur".
O deyir ki, mütəxəssis varsa, xəstə nə üçün sınıqçıya getməlidir?!
E.Qasımovun sözlərinə görə, gecikmələr, gec müraciətlər bir çox fəsadlara səbəb olur: "Əgər vətər qopubsa, o, 3 həftədən sonra yapışır və onu dartıb yerinə salmaq çətin olur və ya sümük sınıbsa, 3 həftə ərzində bitişmə başlayır. 3 həftəyə qədər yumşaq sümük birləşir, 3 həftədən sonra sınıq yeri bərkiməyə başlayır. Bu zaman təzədən sümüyü sındırıb düzəltmək lazım olur".
Qeyd edək ki, bu il Travmatologiya və Ortopediya İnstitutuna ayda 200-250 xəstə müraciət edib. Bu müraciətlərin 120-150-si, bəzən də yarısı travmalarla bağlı olub.