BAKI, 15 iyul — Sputnik. Moskva Şəhəri Turizm Komitəsi iyulun 21-də "Four Seasons Hotel Baku"da Moskvanın turizm potensialını Azərbaycanda təqdim edəcək. Tədbirdə 20-yə yaxın yerli şirkət, o cümlədən DMC, hotel və istirahət məkanlarının nümayəndələri iştirak edəcəklər.
Tədbirdə ölkələrin turizm sənayesinin nümayəndələri arasında ikitərəfli görüşlər və Moskva şəhərinin turizm potensialını əks etdirən təqdimatın keçirilməsi nəzərdə tutulur. Həmçinin, Moskvanın mədəni irs, təbiət, macəra, kulinariya və digər özəllikləri də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Moskva təkcə populyar turizm məkanı deyil, turistlər tərəfindən seçilmiş görməli məkanlar üzrə reytinqlərdə də liderdir. Ötən il Rusiyanın paytaxtı "Dünya Səyahət Mükafatları 2021"-də "Dünyanın Aparıcı Şəhər Gəzintisi Məkanı" və "Dünyanın Aparıcı İrs Şəhəri" kateqoriyaları üzrə qalib olub və "Dünyanın 100 Ən Yaxşı Şəhəri" siyahısında 4-cü yeri tutub.
Moskva Şəhəri Turizm Komitəsinin bildirdiyinə görə, Rusiyanın paytaxtı müxtəlif turizm məhsulları ilə həm istirahət, həm də işgüzar səfərlər, eyni zamanda, səyahət-ticarət üçün ən maraqlı və əlverişli şəhərlərdən biri kimi sürətlə inkişaf edir.
Qeyd edək ki, Moskva Şəhəri Turizm Komitəsi Moskvanı dünyada turizm məkanı kimi tanıdan rəsmi təşkilatdır. Təşkilat yerli və beynəlxalq ziyarətçi axınını artırmaq üçün və yerli turizm sənayesini, o cümlədən regionları, turizm məkanlarını, hotel şəbəkələrini, barları, restoranları, turizm şirkətlərini və s. tanıtmaq üçün çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.