İDMAN

FİDE ölkələri Naxçıvanda keçiriləcək Olimpiadada iştirak etməyə dəvət edib

Milli Şahmat Federasiyaları Naxçıvanda keçiriləcək Gənclərin Şahmat Olimpiadasında iştirak etmək üçün ərizələrini avqustun 15-dən gec olmayaraq göndərməlidirlər.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FİDE), eləcə də Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası digər ölkələrin milli federasiyalarını Naxçıvanda keçiriləcək Gənclərin ümumdünya şahmat olimpiadasında iştirak etməyə dəvət ediblər.
FİDE bu il oktyabrın 1-11-də Naxçıvanda keçiriləcək Gənclərin ümumdünya şahmat olimpiadasının təfərrüatlarını açıqlayıb. Əsas komandanın dörd oyunçusu, iki ehtiyat şahmatçı və bir kapitanın yer aldığı qarşıdakı yarışlarda hər ölkədən bir komanda iştirak edə biləcək.
Eyni zamanda komandada bir şahmatçı qız olmalı, olimpiadada iştirak edənlərin yaşı 16-dan yuxarı olmamalıdır. İştirakçı ölkələr Naxçıvan Olimpiadasında iştirak üçün ərizələrini avqustun 15-dək göndərməlidirlər.
Müsabiqənin qalibi İsveçrə sistemi üzrə keçiriləcək doqquz turun nəticələrinə əsasən müəyyən ediləcək. Turnir cədvəlində ilk üç yeri tutan komandalar kubok, komanda üzvləri isə medallar və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Həmçinin, lövhələrdə ən yaxşı şahmatçılar da müəyyənləşəcək.
Xatırladaq ki, Gənclərin ümumdünya şahmat olimpiadasının sonuncu qalibi Azərbaycan komandası olub. Bu, 2019-cu ildə Türkiyədə baş verib. Olimpiada 2020-ci ildə Naxçıvanda keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən onun keçirilməsi 2022-ci ilə təxirə salınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.