BAKI, 13 iyul - Sputnik. İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb.
Bu sözləri BMT-nin baş katibi Antoniu Quterreş Baş qərargahda jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bu gün İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq”, - o, Quterreş deyib.
Onun sözlərinə görə, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.
BMT tərəflərin taxıl ixracına dair rəsmi razılığa gələcəyinə ümid edir.
A.Quterreş hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar da İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzinin yaradılacağını deyib.
Onun sözlərinə görə, müvafiq razılıq Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirliklərinin heyətləri ilə BMT-nin nümayəndə heyətləri arasında bu gün İstanbulda baş tutan görüşdə əldə olunub.
Nazir əlavə edib ki, dördtərəfli görüşdə limanların çıxış və girişlərində birgə nəzarət və transfer marşrutları boyunca naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.