İDMAN

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının cavab oyununda “Lex” ilə üz-üzə gələcək

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 12 iyul - Sputnik. “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqası birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası (Endrü Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper) idarə edəcək.
Xatırladaq ki, komandalar arasında bir həftə əvvəl Poznanda keçirilmiş ilk oyun “Lex”in 1:0 hesablı qələbəsilə başa çatıb.
Qeyd edək ki, bu gün Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir. Belə ki, "Bakı Metropoliteni" QSC-nin iş rejimində ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Buna səbəb isə "Qarabağ" futbol komandasının paytaxtda Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunudur.
Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək.
Görüşün oynanılacağı mərkəzi arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.
Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.